Şabranda yerləşən emalatxanada toxunan və diametri 22,17 metr olan unikal dairəvi əl xalçasının hazırlanması prosesi uğurla başa çatıb. Bu ölçüdə və formada toxunan xalça dünya xalçaçılıq tarixində nadir nümunələrdən biri hesab olunur.
Layihə Heydər Əliyev Fondu, PASHA Holding və PMD Projects-in dəstəyi ilə, Azərxalça ASC-nin yaradıcı heyəti və peşəkar toxucularının birgə əməyi nəticəsində reallaşdırılıb.
Şuşa Məscidi üçün ümumilikdə iki dairəvi xalça hazırlanıb. Birinci mərtəbə üçün nəzərdə tutulan xalça İsmayıllı emalatxanasında toxunaraq tamamlanıb. İkinci mərtəbə üçün nəzərdə tutulan xalça isə məhz Şabran emalatxanasında ərsəyə gətirilib.
Layihə çərçivəsində Leyla Əliyeva emalatxanaya baş çəkərək toxucularla görüşüb, xalçanın hazırlanma prosesi ilə yaxından tanış olub və toxunuş mərhələsində iştirak edib. Xalçanın son ilmələri onun iştirakı ilə vurulub.
“Qarabağ” qrupuna aid kompozisiya əsasında hazırlanmış və “Xətai” ornament elementlərini özündə birləşdirən xalçanın əsas toxunma mərhələsi İsmayıllıda həyata keçirilib. Ümumilikdə 150 toxucu tərəfindən təxminən 60 milyon ilmə vurulub. Layihəyə 16 dekabr 2024-cü il tarixində start verilib.
Bu miqyasda xalçanın toxunması üçün xüsusi olaraq iki mərtəbəli, fərqli konstruksiyaya malik yeni dəzgah hazırlanıb. Dəzgah xarici mütəxəssislər tərəfindən layihələndirilib və istehsal olunub.
Mənbə: Azərtac









