Şabran İNFO-nun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir neçə yeni müəssisənin təməlqoyma mərasimlərində iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sənaye parkında aparılan işlər barədə məlumat verib. Qeyd olunub ki, ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafıdır. Bu baxımdan, sənaye zonalarının yaradılması mühüm rol oynayır.
İşğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları və nəqliyyat-logistika dəhlizlərinin genişlənməsi ölkəmizin sürətli inkişafı üçün əlavə imkanlar yaradır. Cəbrayıl rayonu strateji mövqeyi və geniş infrastruktura çıxış imkanları ilə yaxın gələcəkdə sənaye mərkəzinə çevrilmək potensialına malikdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da bu məqsədə xidmət edir.
Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılan bu sənaye parkı 200 hektar ərazini əhatə edir və burada bir sıra müəssisələrin yaradılması planlaşdırılır. Parkın yerləşdiyi məkan yeni avtomobil və dəmir yollarına yaxınlığı ilə seçilir və logistika baxımından sahibkarlar üçün əlverişli şərait yaradır.
Hazırda sənaye parkının 13 rezidenti və 1 qeyri-rezidenti mövcuddur. İndiyə qədər rezidentlər tərəfindən 20 milyon manatdan çox investisiya yatırılıb və 40-dan çox daimi iş yeri açılıb. Ümumilikdə parkın inkişafına 133,8 milyon manatlıq investisiya qoyulması və 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənaye parkında ilk olaraq Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlini qoyublar. Bu layihə çərçivəsində 50 milyon manatlıq investisiya yatırılması və 650 nəfərin işlə təmin edilməsi planlaşdırılır.
Daha sonra, “Karabakh Stone” MMC və “Prestij-Kimya” MMC-nin zavodlarının təməlqoyma mərasimləri keçirilib. Bu müəssisələrdə müxtəlif istehsalat məhsulları və xidmətləri təqdim etmək üçün müasir texnologiyalardan istifadə olunacaq və gələcəkdə daxili və xarici bazarlara məhsul ixracı həyata keçiriləcək.