Şabran İnfo xəbər verir ki, “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Qədim Şabran” abidəsinin ərazisində “Baharın müjdəçisi Novruz” adlı genişmiqyaslı bayram şənliyi keçirilib. Tədbirin əsas məqsədi Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi və mədəni dəyərlərini gənc nəslə aşılamaq və təbliğ etməkdən ibarət olub.
Bayram tədbirində Şabran şəhər bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil müəssisələrinin kollektivləri, eləcə də müxtəlif idarə və təşkilatların nümayəndələri iştirak ediblər. Çıxış edənlər Novruzun milli birliyimizdəki rolunu, onun bolluq və yenilənmə rəmzi olduğunu vurğulayıblar.
Şənlik proqramı çərçivəsində Kosa və Keçəlin iştirakı ilə maraqlı səhnəciklər nümayiş etdirilib, milli rəqs və musiqi nömrələri təqdim olunub. Qədim adət-ənənələrə uyğun olaraq bayram tonqalı qalanıb, iştirakçılar arasında kəndirçəkmə və yumurta döyüşü kimi milli oyunlar təşkil edilib. Həmçinin məktəblilərin əl işlərindən ibarət sərgilər, ebru sənəti nümunələri və zəngin Novruz süfrəsi qonaqların böyük marağına səbəb olub.
Şabran İnfo (Materialın hazırlanmasında AZƏRTAC-ın məlumatlarından istifadə olunub)









