--°C Şabran
Çərşənbə axşamı, Dekabr 30, 2025
spot_img
EvCəmiyyətŞabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şabranın yeganə qayiq ustası 25 ildir taxta gölləri canlandırır

Şimal bölgəsində artıq 25 ilə yaxındır ki, taxta qayıqların hazırlanması ilə yalnız bir usta məşğuldur. Söhbət Şabran şəhərində fəaliyyət göstərən Rüstəm Məhərrəmovdan gedir.

Rüstəm usta bu sənətə hələ uşaq yaşlarından atası və digər ailə üzvlərindən öyrənib. O deyir ki, bu sənət ona ailəsindən miras qalıb: “Atam, əmim və dayım həyətimizdə qayıqlar düzəldirdi. Mən isə kiçik yaşlarımdan onlara yardım edirdim əvvəl əyri mıx düzəldirdim, sonra isə bu işin bütün sirrlərinə bələd oldum. İndi bu ənənəni davam etdirən bölgədə təkcə mən qalmışam”

Onun atası Feyruz usta illərlə tanınmış sənətkar kimi tanınıb, lakin artıq yaşla bağlı bu işdən kənarda qalıb. Rüstəm usta isə işi təkbaşına davam etdirir.

Qayıq düzəltmək sadə proses deyil. Rüstəm usta bildirir ki, əvvəlcə quru və düyünsüz şam ağacı seçilir. Sonra “qayığın qabırğası” adlandırılan dayaq hissələr yığılır, ardınca gövdənin yan və alt hissələri birləşdirilir. Hər bir qayıq öz təyinatına uyğun ölçülərlə hazırlanır balıqçılıq üçün bir cür, gəzinti üçün başqa cür.

İllər ərzində Rüstəm usta yüzlərlə qayıq düzəldib özü təxmini 500-dən çox olduğunu deyir. Əvvəllər sifarişlər çox olurdu, bəzən ildə 50-dən artıq qayıq hazırlanırdı. Hazırda isə sifariş sayı ildə 3-4-dən çox deyil. Son zamanlar əsasən gəzinti üçün yüngül, çardaqlı və stollu qayıqlar sifariş edilir – əsasən turizm obyektləri üçün.

Emalatxanada hazırda 4–10 metr uzunluğunda müxtəlif tipli qayıqlar hazırlanır. Hazırda üzərində işlədiyi qayıq 5,5 metr uzunluğa və 2 metr enə malikdir. Bu tip qayıqlar balıq tutmaq və ya göldə istirahət üçün nəzərdə tutulur. Emalatxananın ölçüsü imkan versəydi, yaxta tipli daha iri qayıqlar da yığmaq mümkün olardı.

Keçmişdə o, 10 metrlik iri balıqçı qayıqları da düzəldirdi. Onlara güclü motorlar quraşdırılırdı və bu qayıqlar dənizə çıxmaq üçün istifadə olunurdu. Sonuncu belə qayıq sifarişi 5-6 il əvvəl olub. İndi isə usta həm yeni qayıqlar düzəldir, həm də mövcud köhnə qayıqların təmirini həyata keçirir.

Hazırlanma müddəti qayığın ölçüsündən asılı olaraq 7 gündən 1 aya qədər davam edə bilər. Qiymətlər isə 1000 manatdan başlayaraq 10 min manata qədər yüksəlir. Lakin son illər daha böyük və bahalı sifarişlərə rast gəlinmir.

Rüstəm usta təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir: “Qayıqda burun hissə düzgün düzəldilməsə, dalğaları düzgün yarmaz və bu təhlükəli ola bilər. Bu günə kimi düzəltdiyim heç bir qayıq batmayıb – hər biri üzməyə tam yararlıdır”

O qeyd edir ki, bu sahə artıq əvvəlki kimi gəlirli deyil, bu səbəbdən də övladlarını bu sənətə yönəltməyib. Onun fikrincə, bölgədə bu peşə ilə məşğul olan demək olar ki, qalmayıb və taxta qayıqçılıq sənəti unudulmaq üzrədir.

Əgər vəziyyət dəyişməzsə, yaxın illərdə taxta qayıq istehsalı Şimal bölgəsində yalnız xatirələrdə qalacaq.

Mənbə: AZƏRTAC

178TakipçiAbunə olmaq
1,191TakipçiAbunə olmaq

Şabran avtovağzalında iki metr hündürlüyündə dəmir hasar – 50 ildən artıq fəaliyyət göstərən mağazalar müştərisiz qaldı

Şabran sakinləri və illərdir avtovağzal ətrafında fəaliyyət göstərən kiçik sahibkarlar ciddi narahatlıq keçirirlər. Təxminən iki ildir ki, avtovağzal şəxsi şəxs tərəfindən təmir edildikdən sonra...

Şabranda zəlzələ hiss olundu

Bu gün Azərbaycanda bir neçə bölgədə zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Şabran, Qəbələ, Sumqayıt, Bakı, Quba, Qusar, Xınalıq, Gəncə, Tovuz, Qazax, Ağstafa və...