Çıraqqala

Dünya əhəmiyyətli nadir yerüstü abidələrdən olan Çıraqqalanın ümumi uzunluğu 120 km, divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan “Uzun divarlar” adlanan Gilgilçay səddi ilə birlikdə IV-V əsrlərdə hündür qaya üzərində inşa edilib.

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarətdir. Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilib. Divarların hündürlüyü təxminən 8-10 metr, qalınlığı 3-4 metrdir. Qala qapısından bir qədər aralıda su anbarı yerləşir. Saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən gətirilib. Qarşıdan görünən hündürlüyü təxminən 150 metr olan sıldırım qayanın zirvəsindəki daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya biliblər.

Qalanın özünəməxsus həbsxanası və 80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı mövcuddur.

Qalanın baş bürcü bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklidə silindrik gövdə başdan-başa üfüqi zolaqlarla örtülüb. Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da artırır. Bakıdakı məşhur Qız qalası da bu üslubda tikilib. Bu da onu deməyə əsas verir ki, belə bir fənd çox güman ki, eyni konstruktiv möhkəmlik üçündür. Mütəxəssislərin dediyinə görə, siluet və tektonika effekti baxımından baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz.

Orta Asiyadan İtil çayı sahillərindən tutmuş Qafqaza kimi geniş bir ərazidə ağalıq etmiş Şiraqlar Qafqazın ictimai-siyasi həyatında görkəmli yer tutmuşlar. Siraqın adına, bu adlı qəbilə birləşməsinə eramızdan əvvəl VII-VIII əsrlərdə yunan qaynaqlarında Orxon-Yenisey və başqa abidələrdə də rast gəlmək olar.

Deməli, öz kökü ilə türkdilli olan “Siraq”, “Şiraq”, “Çıraq” sözü “işıq buraxan”, “şüa buraxan” deməkdir.

Təbii dağıntılar Abidənin 17 bürcündən 4-ü qalmışdır. Qala divarları tədricən dağılır. Bəzi hissələrdə ancaq bünövrə səviyyəsində izləri bilinir, digərlərində isə torpaq və kolların altında qalaraq tamamilə itib.

Sovetlər dövründə baxımsız qalan qala bir neçə yerindən dağıntıya məruz qalıb. Azərbaycan Respublikası Prezidentinin “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında 23 iyun 2003-cü il tarixli sərəncamından sonra qalada geniş araşdırma aparılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr V-VI əsrlər qeyd olunsa da, mənbələr üzrə araşdırmalar abidənin IV-VI əsrlər tikilisi olduğunu göstərir. “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa – konservasiya işlərinin görülməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamına əsasən vəsait ayrılmışdır . 01 may 2019-cu il tarixdən isə həmin Sərəncama əsasən “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanılmışdır. Hal-hazırda “Çıraqqala”da bərpa konservasiya işləri davam etməkdədir.

Xəbər mənbəyi: irs.gov.az