“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Qədim Şabran, Qəbələ şəhərlərinin qalıqları Qafqaz Hunlarının böyük mirasıdır” adlı veriliş efirə gedib.
Verilişdə araşdırmaçı Əkbər Nəcəf hunlar və Hun imperiyasının tarixi ilə bağlı maraqlı faktları açıqlayıb.
Onun sözlərinə görə, klassik Çin mətnlərində türklər haqqında dəyərli məlumatlar verilib. Qədim Çində türkləri açılmış yay, ox şəklində təsvir edirdilər. Hun bir ittifaq adıdır, tam bir kimlik adı, bir boyun adı deyil.
O bildirib ki, hunların tənəzzülünə səbəb qlobal iqlim olub:
“Hunlar mahir süvari kimi Avropanı lərzəyə saldılar. Çin, Bizans, Perslər atla döyüşməyi bilmədikləri üçün kənardan türk xalqlarını çağırırdılar. Hun imperiyası bölünüb iki böyük imperiyanın yaranmasına səbəb olub.
Türk tayfalarını sərhəddə yerləşdirib, vergidən azad edirdilər ki, onları qorusunlar. Türk tarixində bütün dövlətlər sərhədlərdə yerləşən güclərin genişlənməsi, yenidən bir dövlətə çevrilməsi şəklində formalaşıb. Hunlar Koreyadan Balkana, Fransanın şimalına qədər uzanan bir coğrafiyada müxtəlif adlarla dövlətlər qurublar”.
Ə.Nəcəf hunların 150-ci ildən etibarən Azərbaycanda gücləndiyini söyləyib:
“Qədim Şabran, Qəbələ şəhərlərinin qalıqları Qafqaz hunlarının böyük mirasıdır. Dərbənddə olan silahbəndlər, kupetslər hunların nəslindəndir. Balasaqanda, bütün Albaniyada güc mərkəzinə çevrilən hunlar Sasanilərə qarşı üsyan ediblər. Qafqaz ərazisində yaranan bütün dövlətlərin əsasını hun ittifaqı təşkil edib”.
Xəbər mənbəyi: baku.tv