Elit-məşq layihəsinin genişləndirilməsi və yeni regionlara daşınması gözlənilir.
Bunu “Report”a açıqlamasında AFFA-nın Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəssis Elit-məşq layihəsi çərçivəsində Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilən son toplanşa UEFA nümayəndəsi kimi dəvət olunan Sloveniya milli komandasının sabiq futbolçusu Milenko Açimoviçin məşqlərdən razı qaldığını vurğulayıb: “Hər il Elit-məşq layihəsi ilə bağlı UEFA-dan nümayəndələr gəlib görülən işlərlə maraqlanırlar. Bu dəfə Sloveniya millisinin sabiq futbolçusu Milenko Açimoviç dəvət olunmuşdu. “Liv Bona Dea Arena”da bir həftəlik təlim-məşq toplanışı keçirdik. Müxtəlif regionlardan olan uşaqları və onların məşqçilərini dəvət etdik. Toplanış yüksək səviyyədə keçdi, uşaqlar da razı qaldı. İstəyərik ki, ildə 3-4 dəfə belə toplanış olsun. Bəzi uşaqları seçdik. Öz üzərlərində çalışsalar, gələcəkdə yaxşı futbolçular olacaqlar. Məşqlərdən UEFA nümayəndəsi də razı qaldı”.
O, futbolçu seçmək üçün regionların sayını artırmağın da qarşıdakı planlara daxil olduğunu bildirib: “İstərdik daha çox regionda Elit-məşq layihəsi keçirilsin. İşimiz ancaq regionlardadır, Bakı və ya Sumqayıtda deyil. Mayın sonunda uşaqlar tətilə çıxacaqlar. Layihənin genişləndirilməsi, yeni regionlara daşınması gözlənilir. Lakin bu, danışıqlardan asılıdır, məsləhətləşib qərar verəcəyik. Hazırda layihəmiz Şəki, Zaqatala, Quzanlı, Quba, Lənkəran və Cəlilabadda davam edir”.